Belediyye.infonun araşdırmalarına görə, bu gün bələdiyyələrin büdcə gəlirlərinin lazımı səviyyədə olmamağıının bir səbəbi də vətəndaşların yerli vergiləri ödəməkdən yayınması və ya ümumiyyətlə ödəmək istəməmələridir. Bu vəziyyətdən çıxış yolu varmı? Belediyye.infonun sualını Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov cavablandırır:
- Bələdiyyələr artıq ictimaiyyətin ayrılmaz hissəsinə çevrililblər. Son illər bələdiyyələr müəyyən layihələr icra edir, xidmət sahələri yaradır və fəaliyyətlərini genişləndirirlər . Təbii ki, işlərin daha çox görülməsi üçün büdcəsində maliyyə vəsaitlərin olması əsas amildir. Bələdiyyə yerli özünüidarəetmə orqanı olduğuna görə dövlət büdcəsindən maliyyələşmirlər. Ancaq onlar öz işlərini düzgün qurmaqla büdcəsini artıra bilərlər. Bunun üçün günün tələblərinə cavab verən qanunvericilik bazası formalaşıb, habelə yeni dəyişikliklərin də edilməsi nəzərdə tutulub.
Bununla əlaqədar “Yerli vergilər və ödənişlər haqqında” Qanununa dəyişiklik edilməsi nəzərdə tutulur.
Bələdiyyələrin büdcəsi vergilərlə formalaşır və vaxtında vergi ödənimədikdə büdcələrində maliyyəsi olmur. Bu da müəyyən çətinliklər yaradır. Məhz vergini vaxtında ödəyəndə bələdiyyədən iş də tələb edə bilərik. Amma bizdə isə əksər insanlar vergi ödəmək istəmir, hamı bələdiyyədən iş istəyir.
Çox arzulayardıq ki, hər bir vergi ödəyicisi vergi ödənişini öhdəlik kimi qəbul etsinlər. Məhz belə olan halda bələdiyyə inkişaf edər.
Belediyye.info